Məhəmməd Qurbanov: Neftçi Avroliqaya hazırdır və Mladostu keçəcəyimizə inanırıq
"Neftçi"nin yeni hücumçusu Məhəmməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- "Neftçi" "Şaxtyor"la son yoxlama matçında da uduzdu. Bu məğlubiyyətin səbəbi nə idi?
- "Şaxtyor" çox güclü klubdur. Bizdə isə heyət yeni qurulub. Özümüzü göstərməyə çalışırıq. Fikrimcə, "Şaxtyor"la baş-başa oynadıq.
- Komandanızı Avroliqaya hazır saymaq olar?
- Fikrimcə, hə.
- "Neftçi" "Mladost"u keçə biləcək?
- Allah eləsin ki, bu, bizdə alınsın. Özümüz buna çox inanırıq. Səbirsizliklə oyunları gözləyirik.
- Çernoqoriya klubu ilə maraqlanmısınız?
- Düzünü deyim ki, ətraflı məlumatım yoxdur. Heç oyunlarını da görməmişəm...
- "Neftçi"nin qol ümidləri Qurbanovlar olacaq - siz və Ruslan. Bu cütlük ümidləri doğrulda biləcək?
- Komandanın uğur qazanması üçün bizdən asılı olan hər şeyi edəcəyik.
- "Neftçi"nin hədəfi yalnız "Mladost"u keçməkdir, ya qrup mərhələsinə vəsiqə qazanmaq?
- Bizim də hədəfimiz digər komandalardakı kimidir - maksimum nəticəyə nail olmaq.
- Sizinlə başqa klublar da maraqlanırdı. Niyə məhz "Neftçi"?
- "Neftçi" böyük tarixə malik klubdur. İnanın ki, bu komandanın məni öz sıralarında görmək istədiyini eşidəndə çox sevindim. "Neftçi"ni məhz adlı-sanlı klub olduğuna görə seçdim.