Vladislav Qədirov: Dörd klubumuzun hamısı ilk rəqiblərini keçəcək
Azərbaycan yığmasının sabiq futbolçusu Vladislav Qədirov Azərbaycan klublarının avrokuboklardakı şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim fikrimcə, təmsilçilərimizin dördü də rəqiblərini keçməyə tam qadirdir. Yalnız "Qəbələ"yə bir qədər çətin olacaq. Tiflis "Dinamo"sunda indi gənclərin oynamasına baxmayaraq, klubun güclü futbol məktəbi var. "Neftçi"yə gəlincə, komandanın indi hansı vəziyyətdə olduğu barədə çox az məlumatım var. "Qarabağ"da hər şey alınacaq. Sadəcə, keçmiş uğurları yaddan çıxarmaq lazımdır. Yalnız yeni mövsümdəki rəqibləri necə keçmək haqda düşünmək lazımdır. "İnter"in də yaxşı heyəti var. Düşünürəm ki, komandamız Albaniya klubuna qarşı layiqli mübarizə aparacaq gücdədir. Bütövlükdə, 4 klubumuzun hamısının növbəti mərhələyə adlayacağını düşünürəm. Onlara uğurlar arzulayıram. Hamısına azarkeşlik edəcəyəm".