Vəli Qasımov: Neftçi hələ görmək istədiyimiz səviyyədə deyil
"Neftçi"nin idman direktoru Vəli Qasımov komandanın başa çatmış Avstriya toplanışı barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Uğurlu toplanış keçirdik. Son günlər göstərdi ki, futbolçuların səviyyəsi qalxıb. Keçirdiyimiz üç yoxlama matçındakı məğlubiyyətlərə gəlincə, bizim üçün bu görüşlərdə nəticə heç bir önəm kəsb etmirdi. Bizim üçün fiziki və taktiki baxımdan daha yaxşı hazırlaşmaq vacib idi. Donetsk "Şaxtyor"u ilə görüş göstərdi ki, düzgün yoldayıq. Çernoqoriya "Mladost"unu asanlıqla keçəcəyimizi düşünənlər var. Amma bu gün üçün biz hələ bunu deməyə hazır deyilik. Onlar bizdən zəif deyil. Şübhəsiz ki, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Amma "Neftçi" hələ bizim görmək istədiyimiz səviyyədə deyil. Uğurlu oyun sərgiləmək istəyirik. Ümid edirəm ki, bu yaxşı oyun bizə həm də nəticə qazandıracaq".