Rüfət Dadaşov: Gedəcəyimi bildiklərinə görə mənə oynamaq imkanı yaratmırdılar
Azərbaycan yığmasının və Almaniyanın "Saarbryuken" klubunun hücumçusu Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi
- Robert Prosineçki sizi Serbiya və Norveçlə oyunlara dəvət etmədi. Yəqin ki, buna görə üzüldünüz...
- Bu barədə heç nə deyə bilmərəm. Bu, baş məşqçinin qərarıdır. Mənim şərh verməyim düz çıxmaz.
- Norveçlə ev oyununun iştirakçıları arasında siz də var idiniz. Bu komanda ilə səfər görüşü barədə nə düşünürsünüz?
- Fikrimcə, uşaqları çox çətin oyun gözləyir. Bakıda minimal hesablı məğlubiyyətlə üzləşdik. Amma bu dəfə ən azı uduzmayacağımıza inanıram. Heç-heçə olacağını düşünürəm.
- "Neftçi"nin idman direktoru Vəli Qasımov Almaniyaya danışıqlar aparmağa gəlmişdi. Təsadüfən o, sizinlə görüşməyib?
- Belə bir görüşümüz olmayıb. Amma Premyer Liqanın bir neçə klubundan təklif aldığımı gizlətməyəcəyəm. Sadəcə, konkret təklif yoxdur. Bakılıların mümkün marağına gəlincə, bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm.
- Ümumiyyətlə, Azərbaycanda oynamağa necə baxırsınız?
- Hələ bu barədə düşünməmişəm. Yalnız real təkliflər olandan sonra düşünmək olar.
- Son zamanlar klubunuzda çox az oynayırdınız. Bunun səbəbi nə idi?
- Səbəb birdir - onlar mövsümün sonunda klubu tərk edəcəyimi bilirdilər. Ona görə də mənə oynamaq imkanı yaratmırdılar.
- Artıq iş yerinizi dəyişəcəyinizi dəqiqləşdirmisiniz?
- Bəli, bu, yekun qərarımdır. Sadəcə, hara gedəcəyimi dəqiqləşdirməmişəm. Bir neçə variantım olsa da, yekun qərarımı verməmişəm.