Freddi Mombonqo: Yaxın 1-2 həftə ərzində yeni klubumun adına aydınlıq gələcək
AZAL-ın hücumçusu Freddi Mombonqonun azerisport.az saytına müsahibəsi
- Mövsümün son oyununda "Neftçi"yə məğlubiyyətdən yaxa qurtara və 1 xal qazana bildiniz...
- Bəli. Mənə elə gəlir ki, bərabər səviyyəli oyun oldu. Komandamız azlıqda qalandan sonra rəqib üstünlüyü ələ keçirdi. Amma onlar da oyunu tam heyətlə başa çatdıra bilmədilər. Heç-heçə oldu. Amma qələbə də qazana bilərdik.
- Bütövlükdə, bu mövsümü AZAL üçün necə qiymətləndirə bilərsiniz?
- Yaxşı mövsüm keçirdik. Kiçik büdcəmizin olmasına baxmayaraq, yaxşı baş məşqçi ilə yaxşı mövsüm oldu.
- Düşünmürsünüz ki, AZAL-ın Avropa Liqasına vəsiqə qazana bilməməsinə "Simurq"un qapısına təyin olunan penaltini vura bilməməyiniz səbəb oldu?
- Mən yalnız həmin epizoda diqqət ayrılmasını istəməzdim. İstənilən hada komandama faydalı olduğum, qollar vurduğum oyunlar az olmadı.
- Karyeranızı hansı komandada davam etdirəcəksiniz?
- AZAL-la müqaviləmin vaxtı başa çatır. Həm Azərbaycandan, həm də xaricdən təkliflər var. Mövsüm başa çatdı və artıq həmin təkliflər barədə düşünə bilərəm. Menecerimlə danışıb, vəziyyətin nə yerdə olduğunu öyrənəcəyəm. Hər şeyə yaxın 1-2 həftə ərzində aydınlıq gələ bilər.
- Deyilənə görə, AZAL Avroliqada maliyyə çətinlikləri ilə üzləşən "İnter"i əvəz edə bilər. Bu, sizin qərarınıza təsir edə bilər?
- Bütün təklifləri analiz etməyim lazımdır. Yalnız ondan sonra bu barədə dəqiq nəsə deyə bilərəm. İndi heç nəyi şərh edə bilmərəm.