Artim Şakiri: İnanıram ki, Qarabağ ÇL-in qrupuna düşə biləcək
"Qarabağ"ın yarımmüdafiəçisi Artim Şakirinin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"ın ardıcıl ikinci dəfə Azərbaycan çempionu olmasından xəbəriniz var?
- Bəli. Bu mövsüm də "Qarabağ" üçün əla alındı. Onlar göstərdilər ki, Azərbaycanın ən güclüsüdürlər. Onların qələbəsinə sevindim. Çünki bu komanda belə qələbələrə layiqdir.
- Kimisə şəxsən təbrik etdiniz?
- Klubun feysbukdakı səhifəsinə təbrik göndərim. Həmçinin Namiq Yusifova sms yazmışdım. Qurban Qurbanovu da təbrik etmək istəyirdim. Amma ona sms-im çatmadı. Fürsətdən istifadə edib onu da, bütün komanda üzvlərini də təbrik edirəm.
- Komandanın hansısa oyununu canlı izləmək fürsətiniz oldu?
- Düzünü deyim ki, yox. Bizim ölkəmizdə Azərbaycan telekanalları göstərilmir. Amma bütövlükdə nəticələrlə, baş verənlərlə maraqlanırdım, oyunların videoicmalına baxırdım.
- Sizcə, oynadığınız dövrdəki "Qarabağ" güclü idi, ya indiki?
- Bizim dövrümüzdə də "Qarabağ" güclü idi, yaxşı oynayırdı. İndi də komanda güclüdür.
- "Qarabağ"ın indiki gücü nə ilə bağlıdır?
- Heyətdə Reynaldo, Leroy Corc, Muarem Muarem, Qara Qarayev və daha neçə-neçə güclü oyunçu var. Ümumiyyətlə, "Qarabağ" daha çox komanda oyununa görə güclüdür. Hücumda çox yaxşı oynayırlar.
- Qarşıda komandanı "Neftçi" ilə kubokun final matçı gözləyir...
- Finalı səbrsizliklə gözləyirəm. Hesab edirəm ki, "Qarabağ" bu oyunda da qalib gələcək. Ondan sonra Çempionlar Liqasına hazırlaşmaq olar. İnanıram ki, komanda bu turnirin qrup mərhələsinə qədər irəliləyə biləcək.
- Son sualımız da sizin karyeranızla bağlı olacaq. Komandanız "Kukeçi" çempionluğa yaxın idi. Heyətdə "Qarabağ"da oynaya biləcək futbolçular var?
- Xeyr, düşünmürəm. Özümə gəlincə, komandanı tərk edəcəyəm. Çünki müqaviləmin müddəti başa çatır.