Emil Balayev: Serbiya və Norveç üzərində qələbəyə ümidliyəm
Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayevin azerisport.az saytına müsahibəsi
- "Ayntraxt"ın son iki yoxlama matçında meydana çıxdınız. Bu oyunlardakı çıxışınızla bağlı nə deyə bilərsiniz?
- Hər iki oyunda ikinci hissədə oynadım. Heç bir oyunda qol buraxmadım. Amma insaf naminə deməliyəm ki, rəqiblərimiz bizimlə müqayisədə çox zəif idilər.
- Komandadakı vəziyyətiniz necədir?
- Burada çox ciddi rəqabət var. Kevin Trapp həm kapitan, həm də komandanın bir nömrəsidir. Hazırda hər ikimiz əsas qapıçı hesab olunuruq. "Ayntraxt" yay toplanışına başlayanda, mən də gələcəkdə özümü nələr gözlədiyini biləcəyəm.
- Yəni, növbəti mövsüm üçün optimist düşünürsünüz?
- Mənim işim böyük həvəslə məşq etmək və şans gözləməkdir. Çünki baş məşqçi nə vaxtsa mənə də şans verəcək. Mən də buna hazır olmalıyam. Tomas Şaaf istefa verdi. İndi komandaya yeni baş məşqçi gəlməlidir. Mən də ondan şans gözləməli olacağam.
- "Neftçi"nin idman direktoru Vəli Qasımov komandaya yeni oyunçular cəlb etmək məqsədi ilə Almaniyaya yollanıb. Təsadüfən onun siyahısında sizin də adınız yoxdur?
- Bunu ilk dəfə sizdən eşidirəm. Xeyr, mənimlə bağlı elə bir söhbət yoxdur.
- Azərbaycan yığmasına dəvət almısınız. Vətənə nə vaxt dönəcəksiniz?
- Mayın 29-da klubdakı işlərim başa çatacaq. Amma mən Bakıya gəlməyəcəyəm. Birbaşa Avstriyaya yollanacağam. Millimizin toplanışına da orada qoşulacağam.
- Serbiya ilə yoxlama matçından, eləcə də Norveçlə seçmə mərhələ oyunundan nə gözləyirsiniz?
- Malta üzərindəki qələbədən sonra komandada döyüşkən ruh yaranıb və hər şey yüksək səviyyədədir. Serbiya ilə qarşılaşma bizim Norveçlə görüşə daha yaxşı hazırlaşmağımıza kömək edəcək. Fikrimcə, bu oyunda hər bir futbolçu iştirak etmək istəyər. Çünki Norveçlə görüşün start heyəti serblərlə oyundakı performansımızdan çox asılı olacaq. Hər iki oyun gərgin keçəcək. Ümid edirəm ki, hər ikisində qələbə qazanacağıq.
- Kamran Ağayevin əlində hələ də ağrılar var. O, qarşıdakı oyunlara qədər tam hazır olmasa, start heyətdə meydana çıxmağa hazırsınız?
- Məni yığmaya dəvət ediblərsə, deməli, güvənirlər. Məsuliyyəti başa düşürəm. Qapıda urmalı olsam, ölkəmizin, yığmamızın uğur qazanması üçün əlimdən gələni edəcəyəm.