Qriqorçuk: Qarabağa yaxşı transferlər etmək daha asandır
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandasının transfer planlarından söhbət açıb. Azerisport.az saytına açıqlamasında o, öncə Viktor Mendinin getməyə qərar verməsindən danışıb:
"Mendinin bu istəyindən xəbərimiz var idi. Sadəcə, o, bunu son turun oyunundan öncə açıqlamağa qərar verdi. Şəxsən mən onunla yenə çalışmağı məmnuniyyətlə istərdim. Onu əsl peşəkar sayıram. Belə futbolçularla çalışmaq xoşdur. Digər futbolçulara gəlincə, bu barədə ancaq "Bakı" ilə oyundan sonra danışa bilərik.
Əsas rəqiblərimizdən olan "Qarabağ" artıq transferlər etməyə başlayıb. Biz də müəyyən addımlar atmağa çalışırıq. Digər tərəfdən başa düşürük ki, ağdamlılar yüksək reytinqə malikdirlər və onlara transferlər həyata keçirmək daha asandır. Çempionar Liqasında oynayacaq komanda üçün yaxşı transferlər həyata keçirmək rahatdır. Çünki futbolçular bütün bu məqamları nəzərə alırlar. Biz də transfer məsələləri ilə fəal məşğul olmağa çalışırıq. Çünki növbəti mövsümdə "Qarabağ"la rəqabət apara bilmək üçün yaxşı heyət formalaşdırmağımız lazımdır. Əks halda bizə çox çətin olar. Onlar yeni transferlərsiz də güclüdürlər, güclənəcəkləri halda necə olacağını siz təsəvvür edin".