Leroy Corc: Qarabağda qalacağımı dəqiq bilmirəm
"Qarabağ"ın yarımmüdafiəçisi Leroy Corcun azerisport.az saytına müsahibəsi
- Komandanız üçün uğurlu alınan mövsümü necə dəyərləndirə bilərsiniz?
- Mövsüm çox çətin keçdi. Nəzərə almaq lazımdır ki, biz eyni zamanda Avropa Liqasında da çıxış etdiyimiz üçün Premyer Liqadakı rəqiblərimizin hamısından daha çox oyun keçirdik. Son oyunlarda yorğunluq öz sözünü dedi. Amma biz yenə də xarakter nümayiş etdirdik. Çünki yaxşı xal ehtiyatı yaratmışdıq. Ona görə də çempionatın axırında elə də çox həyəcan yaşamadıq.
- Amma qarşıda kubokun finalı da var. Güc qalıb?
- "Neftçi" ilə final görüşü bizim üçün çox vacib qarşılaşmadır. Bu oyuna xüsusi hazırlaşmaq lazımdır. Fikrimcə, bakılılarla görüşə gücümüz yetəcək. Ümid edirəm ki, Azərbaycan Kubokunu məhz biz başımız üzərinə qaldıracağıq. Kuboku da qazansaq, bu mövsümü fantastik hesab etmək olar.
- Hər halda minimum vəzifənin öhdəsindən gəlmisiniz?
- Maksimum vəzifənin də öhdəsindən gəlmək üçün kuboka sahib çıxmaq lazımdır.
- Mətbuatın yazdığına görə, sizə başqa klublardan çox ciddi təkliflər var. Xüsusilə də Türkiyə klublarından...
- Bu məlumatları haradan götürürsünüz? Məndə elə bir məlumat yoxdur.
- Yəni, komandada qalacaqsınız?
- Hələ qalıb-qalmayacağımı bilmirəm. Müqaviləmin müddəti mövsümün sonunda başa çatacaq. Bu üzdən də növbəti mövsümdə burada qalacağımı dəqiq deyə bilmərəm. Rəhbərliklə görüşəcəyik, hər şeyə ondan sonra aydınlıq gələcək.