Qurban Qurbanov: Hələ Əfran İsmayılovu transfer etmək haqda düşünmürük
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
- Çempionluqla bağlı nə deyə bilərsiniz?
- Şadam ki, artıq ikinci mövümdür bu komandayla, rəhbərliklə, azarkeşlərlə çempion oluruq. Çempionluğu bayram etmək üçün vaxt azdır. Bir az istirahət edib, kubokun finalına hazırlaşmalıyıq.
- Artıq "qızıl dubl" barəsində düşünməyə başlamısınız?
- Buna nail olmağa çalışacağıq. Bir turnir bizim üçün başa çatdı. İndi qaldı kubokdakı həlledici oyunumuz.
- Premyer Liqanın son turunu buraxmalı olacaqsınız. Bu boşluğu necə doldurmağı düşünürsünüz?
- Mümkündür ki, bir yoxlama oyunu keçirək. Amma bu oyun daha çox az oynamaq şansı qazananlar üçün bir şans olacaq. Digər oyunçularımız üçün oyun təcrübəsi baxımından problem olmayacaq.
- "Qarabağ" artıq "İnter"in iki üzvünü - Coşqun Diniyevlə Elvin Məmmədovu sıralarına qatıb. Niyə məhz onlar?
- İki azərbaycanlı futbolçu. Hər ikisini diqqətlə izləyirdik. Elvini əvvəllər də yaxşı tanıyırdım. Bu mövsüm heyətlə bağlı problemlərimiz oldu. Keyfiyyətli oyunçu tapmaq baxımından çətinliklə üzləşdiyimiz görüşlər az olmadı. Bu üzdən də mövsümün sonunu gözləmədən yaxşı oyunçularla güclənməyə qərar verdik. Fikrimcə, onlar bizə faydalı olacaqlar.
- Yenə transferləriniz olacaq?
- Ola bilər ki, komandaya başqa oyunçular da cəlb olunsun.
- Əfran İsmayılovun da öz oyunu ilə sizin diqqətinizi çəkməyə çalışdığı hiss olunurdu...
- Əfran yanvarda "İnter"ə gələndən sonra çox uğurlu çıxış edir, hər oyunda fərqlənməyə çalışır. Amma biz hələ bu futbolçunu transfer etmək barədə düşünmürük.