Azarkeşləri Qəbələni 1000, Qarabağı 2000 manat ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi” – “Sumqayıt” matçının 45-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Nikolas Kanales kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Bakı” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Bakı”nın futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçının 12-ci və 90-cı dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.