Lyubo Baranin: Neftçiyə 4:1 qalib gəldiyimiz oyunu unuda bilmirəm
"Qəbələ"nin sabiq müdafiəçisi Lyubo Baraninin azerisport.az saytına müsahibəsi
- İşləriniz necədir?
- Hazırda Serbiyadayam, "Radnik"də oynayıram. Bu komanda birinci divizionda çıxış edir. Amma fikrimcə, gələcəkdə bu komanda Super Liqada çıxış edəcək.
- Yəqin ki, orada maliyyə durumu fərqli olar...
- Əlbəttə, bu klubda Azərbaycandakı kimi pul yoxdur. Amma yaxşı oynasan, normal qazana bilirsən. Super Liqa klublarından da təklif almağıma baxmayaraq, "Radnik"i seçdim.
- Azərbaycan futbolu üçün darıxmırsınız?
- Elə də çox yox. Amma mənə ölkənizdə çox yaxşı idi. Təəssüf ki, Azərbaycanda məni tez unutdular. Olan işdir.
- Niyə belə düşünürsünüz ki?
- Əvvəllər düşünürdüm ki Azərbaycanı tərk edən kimi, mənə başqa təkliflər olacaq. Amma olmadı. Ona görə unudulduğumu düşünürdüm.
- "Qəbələ"ni izləyirsiniz?
- Əlbəttə. Çünki bu komandada xeyli dostum var. Orada keçirdiyim dövrləri elə tez unutmaq olmaz.
- Bilirsiniz ki, sizi burada hələ də uzaq aut atışlarınıza görə xatırlayanlar var?
- (gülür) Hə, o mənim brendim idi. "Qəbələ"də oynayarkən karyeramı elə orada bitirəcəyimi düşünürdüm. Yeri gəlmişkən, bu mövsüm elə məhz bu cür aut atışlarından 14 qol ötürməsi etmişəm.
- "Qəbələ"dəki kayreranızla bağlı daha nələri xatırlayırsınız?
- Yadımda qalan məqamlar çoxdur. Amma "Neftçi" üzərində qazandığımız 4:1 hesablı qələbəni hələ də unuda bilmirəm. Tanınmış Toni Adamsla tanışlığımızı da xatırlayıram. Adamsla, Deon Bartonla birgə keçirdiyimiz günləri unutmaq çox çətindir. Bartonla hələ də əlaqə saxlayıram. Bir ay sonra onun yanına istirahətə getməyə hazırlaşıram.