Elxan Abdullayev: Bizim klublar da gərgin qrafikdə oynamağa alışmalıdırlar
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi
- Millinin məşqçiləri çempionat oyunlarını izləməyə davam edir. Serbiya ilə yoxlama oyununda yeni adlar görə biləcəyik?
- Oyunları izləyirik, namizədlərlə bağlı müzakirələrimizi davam etdiririk. Yenilərə gəlincə, siyahımız genişdir. Belə deyərdim ki, heç kimi diqqətdən kənarda saxlamaq istəməzdik. Sonda kimin dəvət olunacağına isə baş məşqçi Robert Prosineçki qərar verəcək.
- Malta ilə oyuna "Neftçi" futbolçularının dəvət olunmaması böyük rezonansa səbəb olmuşdu. Bu, təkrarlana bilər?
- Özünü göstərə bilən hər bir futbolçu yığmada yer ala bilər. Millinin futbolçusu sabit oynamalıdır ki, yaxşı da formada qalsın.
- Bəs "Neftçi"də belə bir futbolçusu olmasa?
- Son dövrlər bu məsələ mətbuatda çox müzakirə edilir. "Neftçi"nin futbolçuları digər futbolçulardan nə iləsə fərqlənir? Məncə, onlar da "Qarabağ"la "İnter"in oyunçuları kimidir. Biz də "Neftçi"nin futbolçularının yığmada olmasını istəyirik Amma məlum səbəblərdən Malta ilə görüşdə onlara dəvət göndərilmədi. Axı biz onların yerinə meydana çıxıb oynaya bilmərik. Qoy özlərini göstərsinlər ki, dəvət alsınlar. Mən burada başqa bir problem görmürəm.
- Aprel ayı gərgin qrafiklə yadda qaldı. Yığma üzvləri bu çətin dövrdə özlərini necə göstərə bildilər?
- Bütün dünya belə gərgin qrafiklə oynayır. Bizim də belə qrafikə alışmağımız lazımdır. Klublarımızda fiziki hazırlıqla, bərpa prosesi ilə məşğul olan mütəxəssislər var. Ona görə də klublarda çalışanlar gərgin qrafikdən heç vaxt şikayətlənməməlidirlər.
- "Qəbələ"nin son səkkiz oyundan ardıcıl qələbə ilə ayrılması barədə fikirlərinizi bilmək istərdik...
- Bu komandanın çıxışı məni sevindirir. Onlarda diqqətçəkən dərəcədə inkişaf var. Cavid Hüseynovun son dövrlər tez-tez qol vurması da sevindiricidir. Nəticələr bu komandanın necə düzgün yolda olmasının göstəricisidir. 8 oyunluq qələbə seriyası çox şeydən xəbər verir.
- Növbəti mövsümdə bu komanda "Qarabağ"la ciddi rəqabət apara bilər?
- Belə davam etsələr, təbii ki, "Qarabağ"la "Qəbələ" arasında gərgin mübarizənin şahidi olacağıq.