Dmitri Bezotosnı: Qəbələ artıq Roman Qriqorçukun nə istədiyini anlayır
"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının azerisport.az saytına müsahibəsi
- "Qəbələ"dən öndə qərarlaşan "Neftçi"yə səfərdə belə qalib gələcəyinizi gözləyirdiniz?
- Hansı hesabla qalib gəlməyimizin önəmi yoxdur. Əsas odur ki, vacib 3 xala sahib çıxdıq. Nəticə tam qanunauyğundur.
- Komandanızın oyunundan razı qaldınız?
- Şübhəsiz. Uşaqlar çox yaxşı çıxış etdilər. Bilirdik ki, bizə qələbə qazanmaq lazımdır. Buna görə də yaxşı oyun göstərməyə, müsbət nəticəyə köklənmişdik.
- "Qəbələ" nəyin sayəsində qələbə qazandı?
- Biz sadəcə, qələbəni daha çox istəyirdik (gülür).
- Qələbə seriyanız hər tur uzanır...
- Bunun sirrini bilmək istəyirsiniz? Hər şey məşq prosesimizdən asılıdır. Ən əsası isə artıq futbolçularımız Roman Qriqorçukun onlardan nə istədiyini başa düşməyə başlayıb. Artıq "Qəbələ"nin öz oyununu tapdığını demək olar.
- Çempionatımızdakı qələbə seriyasını da yeni rekorda çatdırmağı düşünmürsünüz?
- Rekordu təkrarlamaq çün növbəti turda "Xəzər Lənkəran"a səfərdə qalib gəlməyimiz lazımdır. Amma bu, asan olmayacaq. Hər turda qələbə qazanmağa çalışacağıq. Sonda necə olacağına baxarıq.
- Qələbə "Neftçi" ilə xal fərqinin 3-ə enməsinə şərait yaratdı. Bürünc medalları qazanacağınıza ümidiniz var?
- Son dövrlər işlərimiz yaxşı getsə də, mən hələ də turnir cədvəlinə baxmaqda maraqlı deyiləm. Hadisələri qabaqlamaq fikrim yoxdur. Qələbə qazanmağa davam etsək, çempionatın sonunda hər şey yaxşı olacaq.