Kardoso: Qəbələdən belə oyun gözləmirdim
"Neftçi"nin müdafiəçisi Karlos Kardosonun azerisport.az saytına müsahibəsi
- "Qəbələ"yə məğlubiyyətlə (1:3) bağlı nə deyə bilərsiniz?
- Düzünü desəm, "Qəbələ"dən belə oyun gözləmirdim. Fikrimcə, bundan sonrakı matçlarda onlar bundan da yaxşı çıxış edəcəklər. Biz isə bu oyuna tam köklənə bilmədik. Psixoloji cəhətdən çətinliklərimiz oldu. Bilirdik ki, qarşıda "İnter"lə çətin yarımfinal oyunumuz var.
- "Qəbələ" ardıcıl altı oyun idi qələbə qazanırdı və hamı onların çıxışından danışırdı. Sizin bundan xəbərsiz olmağınız, onlardan belə oyun gözləməməyiniz qəribə görünmürmü?
- Bizim bu seriyadan xəbərimiz var idi. Amma etiraf edim ki, "Qəbələ"nin bu qədər yaxşı oynayacağını gözləmirdim. Məncə, əvvəlki görüşlərdə elə də parlaq futbol sərgiləmirdilər.
- Ola bilər ki, qapıçı dəyişikliyinin təsiri oldu?
- Xeyr, bizim eyni səviyyəli iki qapıçımız var. Mənə elə gəlir ki, bizim bəzi futbolçularımız "İnter"lə kubok oyununu düşünürdülər.
- Belə oyunla "İnter"lə cavab görüşündə nəyə ümid etmək olar?
- Oyuna yaxşı köklənmək lazımdır. Həm də ilk oyunda 2 cavabsız qolla qalib gəlmişik. Bu üstünlüyü qorumalıyıq.
- "Neftçi"nin Premyer Liqadakı hədəfi bürünc medal qazanmaqdır?
- Biz ikinci yer uğrunda mübarizə aparırıq. İstənilən halda oynamaq, mübarizə aparmaq lazımdır. İndi "Qarabağ"ın futbolçularından soruşsanız ki, "özünüzü çempion hesab edirsiniz", onların cavabı eyni olacaq: "xeyr".
- "Qəbələ"nin ikinci qolundan sonra nə baş vermişdi?
- Mənə elə gəlir ki, Denis Silvaya qarşı kobudluq var idi. Amma hakimliyin pis olduğunu deməzdim.
- "Neftçi"nin yenidən əvvəlki kimi güclü olması üçün nə lazımdır?
- Yəqin ki, bunu rəhbərlikdən soruşmaq lazımdır. Oyunçular əllərindən gələni edirlər. Əlbəttə, bəzi şeyləri dəyişmək lazımdır.
- Üçüncü qolda özünüzü günahkar hesab etmirsiniz?
- Bəli, amma mən qaydanı pozmaq istəmirdim. Çünki mənə şərt qoyulub ki, yenidən qırmızı vərəqə almayım. Ən azı bir oyunluq da olsa, diskvalifikasiya olunsam, üstünə daha iki oyun əlavə olunacaq.