Arif Əsədov: Qəbələ bizim üçün ən yaxın təhlükədir
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" 29-cu turda istirahət etsə də, bizim kubokun yarımfinalında da çətin oyunumuz oldu. Yenə də kadr problemlərimiz var. Zədəsini sağaltmayanlarla yanaşı, Nikolas Kanales də qarşıdakı görüşü buraxa bilər. O, son görüşdə zədə alıb. İki gün komanda ilə məşq etməyib. Oyun günü həkimlərin yekun sözünün necə olacağına baxacağıq. Turnir cədvəli baxımından bu oyun bizim üçün çox önəmlidir. "Qəbələ" bizim ən yaxın təhlükədir. Onlar altı oyundur qələbə qazanırlar. Bu, təsadüfi ola bilməz. Hiss olunur ki, yeni baş məşqçinin gəlişindən sonra öz oyunlarını tapıblar. Bu qələbələr onlarda daha da ruh yüksəkliyi yaradır. Asan olmayacaq. Amma biz qələbə qazanmaq istəyirik ki, ən yaxın izləyicimizlə xal fərqini artıraq".