Çingiz Abdullayev: Nazim Süleymanovun 70-80 yaşının olduğunu bilirdim
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev bu gün Azərbaycan futbolunun veteranı Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş "Bitməyən matç" kitabının təqdimat mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, o, fikirlərini də bölüşüb:
"Məni bura dəvət edəndə, dərhal qərar verdim ki, getməliyəm. Bu, mənim borcumdur. Bizim tanınmış oyunçularımız çoxdur. Mən elə bilirdim Nazimin 70-80 yaşı var. Amma məlum olur ki, məndən 6 yaş kiçik imiş. Mənə elə gəlir ki, bu oyunçuların hamısı yaşlıdır. Fikrimcə, Azərbaycanda ən çox tanınmış iki futbolçu var - bunlar Nazim Süleymanov və Vəli Qasımovdur.
Belə kitablar daha çox olmalıdır. Yaxşı ki, rus dilinə tərcümə də var. Qoy onu xaricdə də oxusunlar. Çünki Süleymanov Rusiyada da çıxış edib və orada da tanınır.
Bu, bizim tariximizdir, bizim kitabımızdır. Satışdan sonra onu internetdə də yerləşdirmək lazımdır. Kitabı vərəqlədikcə, orada çoxlu maraqlı insanın olduğunu gördüm. Əminəm ki, Nazimin uğurları hələ qarşıdadır. 50 yaş elə də böyük deyil".