Topaz Premyer Liqasında 27-ci tur həyacanı
Bu gün və sabah Topaz Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, kiçik fasilədən sonra baş tutacaq bu turun oyunları ilə üçüncü dövrəyə yekun vurulacaq. Bu turda “Qəbələ” meydana çıxmayacaq.
Açılış matçında “Simurq” doğma meydanda AZAL-la qarşılaşacaq. Paytaxt klubu 9 oyundur “Simurq”a qalib gələ bilmir. Zaqatalada baş tutan son 3 qarşılaşmada qonaqlar qol da vura bilməyib. Bütövlükdə, bu komandalar arasında keçirilən əvvəlki 24 oyunun daha çoxunda (10 oyun) heç-heçə qeydə alınıb. 6 dəfə "Simurq" qalib gəldiyi halda, Bakı təmsilçisi daha çox 8 dəfə qələbə qazanıb. Top fərqində də bakılıların kiçik üstünlüyü var - 28:25. Son turlarda uğurlu çıxışı ilə diqqət çəkən Zaqatala təmsilçisi bu oyunda favorit hesab olunur. Amma "təyyarəçilər"dən də sürpriz gözləməyə dəyər. Xatırladaq ki, bu mövsüm Zaqatalada baş tutan ilk oyunda meydan sahibləri 2:0 hesabıyla üstün olmuşdular. Bakıdakı qarşılaşmada isə heç-heçə qeydə alınmışdı - 2:2.
Çempionatın autsayderləri sırasında qərarlaşan “Sumqayıt” səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq. Bu klublar arasındakı əvvəlki 12 oyunun yarısında (6 dəfə) “Xəzər Lənkəran” qələbə qazanıb. Son 3 qarşılaşmada “Sumqayıt” meydanı qolsuz tərk etməyib. Son 4 görüşdən 3-də qonaq olan tərəf qalib gəlib. "Sumqayıt" əvvəlki görüşlərin yalnız 2-də qələbə qazanan tərəf olub. Qalan dörd görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də lənkəranlıların xeyrinədir - 20:12. Bu mövsüm baş tutan görüşlərdə tərəflərin hərəyə bir qələbəsi var - "Sumqayıt" səfərdə 1:0 hesabıyla üstün olubsa, "Xəzər Lənkəran" da 2:1 hesablı qələbəyə sevinib.
“Neftçi” öz meydanında “Bakı”nı qəbul edəcək. Əvvəllər 48 dəfə qarşılaşan tərəflərin duellərində 28 dəfə "ağ-qaralar" 3 xalı bayram ediblər. 9 paytaxt derbisində sülh qeydə alınıb. Daha 11 görüşdə isə "Bakı" üstün olub. Top fərqində də "Neftçi"nin böyük üstünlüyü var - 68:41. Son 3 paytaxt derbisində “Neftçi” qalib gəlib. “Bakı” səfərdə keçirdiyi son 3 görüşdə də xal qazana bilməyib. Eyni rəqib üzərində qələbə sayında (28) rekorda malik “Neftçi” 1 qol vursa, eyni komandayla görüşlərdə vurulan top sayında da rekordu təkrarlayacaq. Bu rekord “Neftçi”nin “Turan”a 69 qol vurmasıdır. Bu mövsüm keçirilmiş görüşlərdə də "ağ-qaralar" evdə 1:0, səfərdə 3:1 hesabıyla qalib gəlib.
Dövrəyə liderlər – “Qarabağ” və “İnter” arasında mərkəzi oyunla yekun vurulacaq. Sonuncu dəfə 5 il əvvəl “Qarabağ”a qalib gələn “İnter” 17 oyundur rəqibini məğlub edə bilmir. Komandalar arasında son iki oyunda isə qapılara qol vurulmayıb. “Qarabağ” qalib gəlsə, “İnter”ə hamıdan çox məğlubiyyət (19) yaşadan “Neftçi”nin rekordunu təkrarlayacaq. Bütövlükdə, Ağdam klubu 18 dəfə qalib gəlib. 14 oyunda tərəflər meydandan 1 xalla ayrılıblar. 9 dəfə isə "İnter" 3 xalı bayram edib. Top fərqi də "Qarabağ"ın xeyrinədir - 46:26. Bu mövsüm baş tutan görüşlərdə isə eyni hesab qeydə alınıb - 0:0.
Topaz Premyer Liqası
27-ci tur
1 aprel (çərşənbə)
15:00. “Simurq” - AZAL
Zaqatala şəhər stadionu.
17:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
“Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. “Neftçi” – “Bakı”
Bakı. “Bakcell Arena”.
2 aprel (cümə axşamı)
18:00. “Qarabağ” - “İnter”
Bakı. “Bakcell Arena”.
1 | Qarabağ | 23 | 16 | 4 | 3 | 39-20 | 52 |
2 | İnter | 23 | 11 | 10 | 2 | 38-12 | 43 |
3 | Neftçi | 23 | 11 | 6 | 6 | 27-18 | 39 |
4 | Qəbələ | 24 | 9 | 7 | 8 | 30-32 | 34 |
5 | Simurq | 23 | 9 | 5 | 9 | 34-26 | 32 |
6 | AZAL | 23 | 8 | 7 | 8 | 27-30 | 31 |
7 | Xəzər Lənkəran | 23 | 6 | 5 | 12 | 27-34 | 23 |
8 | Sumqayıt | 23 | 4 | 7 | 12 | 21-33 | 19 |
9 | Bakı | 23 | 2 | 5 | 16 | 15-53 | 11 |
10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Bombardirlər:
11 - Nurlan Novruzov ("Bakı"), Draqan Çeran ("Simurq").
8 - Freddi Mombonqo (AZAL), Mikel Alvaro (“İnter”), Franko Nildo ("İnter"), Məhəmməd Qurbanov (“Sumqayıt”), Reynaldo Silva ("Qarabağ").
7 - Rəşad Eyubov ("Simurq").
6 - Cavid Hüseynov ("Qəbələ"), Nikolas Kanales ("Neftçi").