Mircavadov: Millinin oyunu xoşuma gəldi
Məşqçilər Şurasının üzvü Ağasəlim Mircavadov futbol üzrə Azərbaycan millisinin Malta üzərində qələbəsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk olaraq qələbə münasibətiylə azarkeşləri təbrik edirəm. Futbolumuzun qələbələrə ehtiyacı var. Maltayla oyun müəyyən mənada xoşuma gəldi. Futbolçular özünəinamı qaytarmaq üçün mütləq qələbə qazanmalı idi. Erkən qol meydanda daha rahat davranmağa kömək oldu. Topla rahat rəftar edirdik. Oyuna nəzarət etməklə Maltaya problemlər yaratdıq. Əlbəttə, Malta bizim üçün Xorvatiya deyil. Bununla belə qəbələ hər zaman sevinc gətirir. Qısa zamanda baş məşqçi Robert Prosineçkidən nəsə tələb etmək düzgün olmaz. Amma oyun baxımından futbolçuların meydanda sərgilədiyi mübarizlik xoşuma gəldi. Futbolda kollektiv oyunu çox vacibdir. Prosineçkinin komandasında gördüyüm komanda oyununu bəyəndim. Növbəti oyunlara qədər artırmaq çox vacibdir. Digər rəqiblər Maltadan güclü olacaq".