Cavid Hüseynov: Qələbə qazanmağın vacibliyini gözəl başa düşürdük
Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
- Malta üzərində qələbə (2:0) ilə bağlı nə deyə bilərsiniz?
- Qələbə qazanmağımız lazım idi. Bunun vacibliyini gözəl başa düşürdük. Azarkeşlər də bizdən ancaq qələbə gözləyirdilər. Xoşbəxtlikdən bu dəfə 3 xal qazanmağı bacardıq.
- Qol vuracağınızı hiss edirdiniz?
- Oyundan öncə bir neçə nəfər mənə qol vuracağımı demişdi. Yəqin ki, onların duaları kömək oldu.
- Robert Prosineçkinin start heyəti sizi təəccübləndirmədi?
- Xeyr. Niyə təəccübləndirməlidir ki? Biz elə toplanış dövründə də demək olar ki, bu heyətlə oynayırdıq.
- Komandamız belə oyunla nəyə ümid edə bilər?
- Biz elə də yaxşı oynamadıq. Ona görə daha da artırmalı olduğumuzu başa düşürük. Qol vurduqdan sonra sakitləşdik. Amma yaxşı ki, görüşün sonunda hamımızı arxayınlaşdıran ikinci qolu vurduq.
- Siz oyuna hücumçuların arxasında başladınız, amma sonradan cinaha keçdiniz. Nə baş verdi ki?
- Baş məşqçi belə qərar verdi. Bunda problem yoxdur. Harada desə, orada da oynamağa hazıram.
- Yeni sistemə alışmaq çətin olmadı?
- Müəyyən mənada artıq alışmışıq. Biz topla daha çox oynamaq istəyirik və bu oyunda nisbətən alındı.