Qarabağ rəqiblərini Neftçinin stadionunda qəbul edəcək
Tofiq Bəhramov adına Respublika stadionu AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Malta oyunundan sonra Bakıda təşkil olunacaq ilk Avropa oyunları üçün bağlanacaq. Azerisport.az saytına bunu arenanın direktoru Akif İsmayılov söyləyib.
Belədə, ev oyunlarını mərkəzi arenada keçirən "Qarabağ"ın aqibəti maraq doğurur. Amma İsmayılovun sözlərinə görə, Ağdam klubunun ev oyunlarını keçirəcəyi stadion da bəllidir. Qurban Qurbanov və komandası rəqiblərini "Neftçi" kimi, "Bakcell Arena"da qəbul edəcək.
Maraqlıdır ki, qalan müddət ərzində "Qarabağ"la "Neftçi"nun oyunları cəmi bir dəfə eyni günə təsadüf edəcək. Aprelin 1-nə təsadüf edəcək həmin turun oyunları ilə bağlı hansı qərar qəbul olunacağı bəlli deyil.
Tofiq Bəhramov adına Respublika stadionu futbol oyunları üçün iyul ayının 1-dən etibarən açıq olacaq. Belədə "Qarabağ" avrokubok oyunlarını məhz mərkəzi arenasında qəbul edəcək.