Kamran Ağayev: Maltaya evdə uduzmağımız gülməli olar
Azərbaycan yığmasının və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
- Yığmamızın Malta ilə oyuna hazırlığı necə gedir?
- Yaxşı. Bu tsikldə ilk xallarımızı toplamaq üçün bir araya gəlmişik. Öz meydanımızda oynayacağıq. Avropada zəif komanda yoxdur. Malta da yaxşı səviyyəli komandadır. Amma onlar bizdən yaxşı deyillər. Ola bilər ki, biz nədəsə onlardan üstünük. Qələbənin bizim olacağına ümid edirəm.
- Zədəniz var idi. Hazırda necəsiniz?
- İndi hər şey yaxşıdır. Oyuna hazıram.
- Səlahət Ağayev xəstələndiyinə görə yığmadan kənarlaşdı. Bu, qarşıdakı oyunda çərçivənin məhz sizə tapşırılacağını deməyə əsas verir?
- İlk dəqiqələrdən kimin meydanda olacağı hələ məlum deyil. Təəssüf ki, Səlahət xəstələnib. Amma futbolda belə hallar olur. Əvəzolunmaz futbolçu yoxdur. Əsas kimlərin oynaması yox, komandamızın qələbə qazanmasıdır.
- Robert Prosineçki bəyan edib ki, onun üçün bir nömrə Səlahət Ağayevdir...
- Əgər o, belə deyibsə, deməli, elədir.
- Azərbaycan yığması Malta ilə son oyununda 3:0 hesablı qələbəyə sevinmişdi...
- Həmin oyun artıq tarixdə qalıb. Bu dəfə bizi tam fərqli oyun gözləyir.
- Türkiyə kayreranıza qədər psixoloji cəhətdən hər şey qaydasında deyildi. İndi vəziyyət necədir?
- Düzünü desəm, karyeramın Türkiyə hissəsindən danışmaq istəmirəm. Qoy hər şey öz ardıcıllığı ilə getsin. İndi yığma komandanın düşərgəsindəyik və ancaq milli barədə düşünürəm. Hər kəsdə problemlər olur. Əsas odur ki, hər şey geridə qalıb.
- Malta üzərində qələbə qazanacağınıza söz verə bilərsiniz?
- Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Biz ümid verə bilərik və onu reallaşdırmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bu komandaya öz meydanımızda uduzmaq gülməli olar. Nəinki gülməli, hətta bunu faciə hesab etmək olar. Bu tsikldə xal qazana bilməmişik. Əgər Rusiya, Şimali İrlandiya kimi rəqiblərdən xal ala bilmişiksə, Maltaya mütləq qalib gəlməliyik.