Məhəmməd Qurbanov: Nurlan Novruzov yaxşı futbolçudur, amma...
Azərbaycan yığmasının və "Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- Yığmamız 4 gündən sonra AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltanı qonaq edəcək. İtaliya, Norveç qədər güclü olmayan rəqiblə görüşdən nə gözləyirsiniz?
- Maltanı zəif rəqib hesab etmirəm. Ən azından ona görə ki, bu mövsüm onlar bizdən fərqli, bir xal qazana biliblər. Ona görə də rəqibi qiymətləndirməmək düzgün olmaz.
- Komandamızı bu matçda hansı nəticə qane edəcək?
- Ancaq qələbəyə oynayacağıq. Toplanış zamanı da ancaq bu barədə düşünürük. Başqa nəticə istəmirik. Bu rəqibi doğma divarlar arasında məğlub etməyə borcluyuq.
- Bəs buna nəyin sayəsində nail olmağı düşünürsünüz?
- Öz futbolumuzu oynamağımız lazımdır. Tələsmədən, sakit oynamalıyıq. Daha çox hücum etməliyik. Axı evdə oynayacağıq. Daha çox hücum etsək, o zaman qələbə də bizim olacaq.
- Bu oyunda hamının sizdən qələbə gözləməsi təzyiq yaratmır?
- Düşünmürəm ki, bu, komanda üzərində təzyiqə səbəb olsun. Biz də başa düşürük ki, hər kəsin yığmadan qələbə gözləməsi normaldır. Bu, futboldur, hər şey ola bilər. Şəxsən mən Malta ilə oyunda xal itkisi barədə düşünmək belə istəmirəm. Allah eləsin ki, qələbə qazanaq.
- Robert Prosineçki ilə söhbətiniz olub?
- Hər bir baş məşqçi komandadan qələbə tələb edir. Prosineçki də həmçinin. O, bu barədə danışıb.
- Sizi əsas heyətdə görməyimiz nə dərəcədə inandırıcıdır?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki mənə bununla bağlı heç nə deyilməyib.
- Prosineçki çempionatın ən yaxşı bombardiri Nurlan Novruzova dəvət göndərmədiinə görə tənqid olunur. Xorvat mütəxəssis isə bəyan edib ki, sizin oyun üslubunuz ona daha çox yaxındır, nəinki Nurlanın...
- Bu suala cavab verməməyim daha yaxşı olardı. Futbolçunun işi oynamaqdır. Qərarı isə matçlarımızı izləyən məşqçilər verirlər. Mən Novruzovu yaxşı futbolçu hesab edirəm, amma qərarı Prosineçki verir.