Aslan Kərimov istefaya göndərilməsindən danışdı
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Aslan Kərimov bu komandadan getməsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim bu komandadan getməyimlə bağlı mətbuatda müxtəlif versiyalar irəli sürülməkdədir. Mən tənqidlərə həmişə açıq olmuşam, amma təhqir olunmağıma icazə verə bilmərəm. Həm futbolçu, həm də məşqçi karyeram boyunca elə bir hərəkət etməmişəm ki, kiminsə qarşısında başıaşağı olum. Heç vaxt zənglə yığmaya futbolçu götürməmişəm. Nikolay Adamın U-19-a gedişindən sonra mən baş məşqçi təyin olundum. Amma digər işlərimin də çox olmasını nəzərə alan AFFA məni U-16-nın baş məşqçi postundan azad etdi. Bu, o demək deyil ki, artıq heç vaxt yığmada olmayacağam. Düzdür, böyük ehtimalla ilin sonunadək baş məşqçi olmayacağam. Amma baş məşqçi köməkçisi kimi hansısa komandada çalışmağım mümkündür".