Məhəmməd Mirzəbəyov: Əsas Malta ilə oyundan 3 xalla ayrılmaqdır
Azərbaycan yığmasının və "İnter"in müdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi
- Millimiz Malta ilə oyunun hazırlığına start verib. Komandamızın ilk məşqi ilə bağlı nə deyə bilərsiniz?
- Özümü çox yaxşı hiss edirəm. Bizə bir neçə günlük istirahət vermişdilər. Bu müddət ərzində özümüz üçün əlavə güc toplaya bildik.
- Sizin start heyətdə meydana çıxmaq şansınız nə dərəcədə yüksəkdir?
- Hər şey ola bilər. Robert Prosineçki nəyi necə etmək lazım olduğunu, kimi harada oynadacağını daha yaxşı bilir. Əsas odur ki, komanda 3 xal qazana bilsin.
- Rəqbin hansı mənfi və müsbət cəhətlərini bilirsiniz?
- Mən Malta yığmasının oyununu görməmişəm.
- Prosineçki bildirib ki, Azərbaycan Maltanı 3:0 hesabıyla məğlub etməyə borcludur...
- Mənim fikrimcə, o, 3 xal qazanmağa borclu olduğumuzu demək istəyib.
- Yığmaya dəvət alacağını gözlədiyiniz, amma heyətə düşməyən futbolçular var?
- Bu, mənim işim deyil. Axı baş məşqçi mən deyiləm ki, heyət müəyyənləşdirəm. İkincisi də mən ümumiyyətlə bu barədə düşünməmişəm.
- "İnter"lə yeni müqavilə imzaladınız. Başqa təkliflər var idi?
- Mən atamla məsləhətləşdim və qərara gəldim ki, "İnter"də qalım. Başqa təkliflər barədə heç nə deyə bilmərəm. Onlarla atam məşğul olurdu.