Elnur Məmmədov: Qanun çərçivəsində azarkeşlərimizə kömək etməyə çalışacağıq
"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov AZAL-la oyundan sonra müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Azarkeşləriniz etiraz əlaməti olaraq AZAL-la oyuna gəlməmişdi...
- Yox, niyə ki? Azarkeşlərimiz gəlmişdi. Onlara demişdik ki, gəlib azarkeşlik edə bilərsiniz. Bizi dəstəkləmyə gələn fanatlarımız var idi.
- “Neftçi” - “Qarabağ” matçından sonra azarkeşləriniz tutuldu. Nə baş verdi ki?
- Oyundan sonra əlaqə saxladıq və soruşduq ki, bizdən tutulan azarkeş var? Bizə elə bir məlumat gəlmədi. Getdik baxdıq və polislərlə görüşdük. Son anda məlum oldu ki, bir neçə azarkeşimiz tutulub. Son məlumata görə, artıq iki azarkeşimiz tutulub.
- Deyilənə görə, iki yox 9 azarkeş tutulub və cinayət işi də açılıb...
- Bu gün bizə verilən məlumata görə, iki azarkeşdir.
- Bununla bağlı klub olaraq nəsə edəcəksiniz?
- Hər bir azarkeş üçün əlimizdən gələni edirik. Məsələni araşdıracağıq. Əgər orada cinayət tərkibli bir şey olsa, polisə qarşı qanun pozuntusu olubsa... Burada onun azarkeş və ya adi insan olmasının fərqi yoxdur. Belə hərəkətlər yolverilməzdir. Bu gün bəzi azarkeşlərlə görüşdük və çalışacağıq qanun çərçivəsində azarkeşlərimizə kömək göstərək.
- Klublar Komitəsinin son iclasında gənc oyunçuların məvacibinə limitlə bağlı müzakirələr aparıldı. Həmin qərar birmənalı qarşılanmadı. Sizin mövqeyiniz necədir?
- Bununla bağlı Firuz Abdulla və Tuyqun Nadirovla danışsanız, daha yaxşı olar.
- Mütəxəssislərin bir çoxu buna normal hal kimi yanaşmır...
- Klublar Komitəsində belə bir qərar qəbul olundu ki, “Bakı”dan heç bir oyunçu götürülməyəcək. Hamı da buna riayət etdi. Burda da həmin məsələ müzakirə olundu. Bu barədə geniş danışa bilməyəcəyəm.