Namiq Ələsgərov: Milli Şaxtyora pis müqavimət göstərmədi
Azərbaycan yığmasının gənc yarımmüdafiəçisi Namiq Ələsgərovun azerisport.az saytına müsahibəsi
- "Şaxtyor"un qapısına vurduğunuz qol münasibətilə təbrik edirik. Təəssüratlarınız?
- Əvvəllər yığmada heç vaxt qol vurmadığıma görə, bu, ilk idi və təbii ki, çox xoşdur. Məhəmməd Qurbanova yaxşı ötürməyə görə təşəkkür edirəm. Belə bir ötürməni qola çevirməmək sadəcə, günah olardı.
- Sizi bu münasibətlə ilk təbrik edən kim oldu?
- Qardaşım zəng etmişdi. Onlar bu oyuna baxıblar. Baxmayaraq ki, oyun heç bir televiziya kanalı vasitəsilə göstərilmirdi. Evdəkilər çox sevincliydilər.
- Sizə elə gəlmir ki, bu qolla özünüzə yığmanın əsas heyətində yol açmış oldunuz?
- Bir qolla heç nə dəyişmir. Özümü növbəti oyunlarda da yaxşı tərəfdən göstərməyim lazımdır ki, yığmaya həmişə dəvət alım.
- Təcrübəli oyunçular sizə debütant kimi necə dəstək oldular?
- Oyundan öncə hamısı dəstəkləyirdi, məsləhət verirdi. Çünki bu, mənim yığmada ilk oyunum idi. Oyundan sonra isə vurduğum qola görə təbrik etdilər.
- Hətta məğlub olsaq da?
- Hə. Çünki hamımız yaxşı başa düşürük ki, bizim üçün Malta ilə oyun daha önəmlidir.
- "Şaxtyor" haqda nə deyə bilərsiniz?
- Çox yaxşı komandadır. Əlbəttə, uduzmasaydıq, daha yaxşı olardı. Amma biz onlara qarşı pis mübarizə aparmadıq.