Rəşad Eyyubov: Çixradze hətta 5:0 öndə olanda da narazı olur
"Simurq"un yarımmüdafiəçisi Rəşad Eyyubovun azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran"la oyundan nə gözləyirsiniz?
- Ağır olacaq. Rəqibimiz heyətini yeniləsə də, həmin gənc futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Həm də təcrübəli oyunçulardan qalanlar var.
- Mövsümün ən yaxşı bombardirləri sırasında siz də varsınız. Bu baxımdan hansısa hədəfiniz var?
- Fərdi mükafatlar yaxşıdır. Amma mən komandamla bu mövsüm qarşıya qoyulan hədəfə çatmağı daha çox istərdim.
- Bu hansı hədəfdir?
- Avrokuboklara düşmək. Fikrimcə, biz buna qadirik.
- Yəni, dördüncü pillədən yuxarı qalxmağınız mümkündür?
- Məncə, "Simurq" medallar uğrunda mübarizə apara bilər.
- Geogri Çixradze komandanın indiki durumundan razıdır?
- O, həmişə narazıdır. Hətta komandamız 5:0 hesabıyla öndə olanda da (gülür).
- "Xəzər Lənkəran" və "Qarabağ"ın sizi istədiyi bildirilirdi. Niyə keçmədiniz?
- Çixradze və klub prezidenti Anar Bəkirovla məsləhətləşdim və qərara gəldim ki, hazırda "Simurq"da qalmağım daha yaxşıdır.