Cihan Özkara: Hədəfim Azərbaycan yığmasında oynamaqdır
"Simurq"un yeni transferi Cihan Özkaranın azerisport.az saytına müsahibəsi
- Niyə məhz "Simurq"?
- Klub prezidenti ilə tanış idim. Mənimlə həmişə maraqlanırdı. Onlar əvvəllər də məni heyətə qatmaqda maraqlı idilər. Mən də futbol oynamaq istəyirəm. "Sivasspor" da isə belə imkan qazanmaq çətin idi. Bura yarım illik gəlmişəm. "Simurq"u seçməyimdə komandanın Avropa Liqasında oynamaq istəyi də rol oynadı. Komandama bu hədəfinə çatmaqda kömək etmək istəyirəm.
- Dostunuz Əli Gökdəmir də "Simurq"da oynayır...
- Razılıq verməzdən öncə onunla da danışdım. Şadam ki, Zaqataladayam. Ümid edirəm ki, bu keçiddən bütün tərəflər qazanacaq.
- Son dövrlər çox az oynayırdınız. Yenidən əvvəlki formanızı bərpa etmək çətin olmayacaq?
- Problem yaranacağını düşünmürəm. Nəyi bacardığımı bilirəm. Əvvəlki səviyyəmi bərpa etmək istəyirəm.
- Qarşıdakı dörd ay ərzində neçə qol vura bilərsiniz?
- Nə qədər çox qol vursam, bir o qədər yaxşıdır. Əsas komandama faydalı olmaqdır. Ümid edirəm ki, az qol vurmayacağam.
- Turnir cədvəlinə baxmısınız?
- Bəli, əlbəttə. İlk oyunlarımız çox vacib olacaq. Yeni ilə uğurlu başlamalıyıq.
- İcarə müqavilənizin müddəti başa çatandan sonra nə etməyi düşünürsünüz?
- "Sivasspor"la 2015-2016 mövsümünün sonunadək müqaviləm var. Məni satmaq istəmədiklərini dedilər. Bu üzdən də indidən nəsə demək çətindir. Ola bilər ki, yenidən Türkiyəyə də qayıdım, "Simurq"da da qalım. Əsas qarşıdakı dörd aydan səmərəli faydalanmaqdır.
- Yığmaya dəvət almağın bundan sonra daha asan olacağını düşünmürsünüz?
- "Simurq"un dəvətini qəbul etməyimdə yığmaya düşmək istəyim də az rol oynamadı. Millinin məşqçilər korpusunun gözü önündə olacağam. Bu da mənim üçün əlavə stimuldur. İndi sadəcə, yaxşı oynamaq qalır. Hədəfim Azərbaycan yığmasında oynamaqdır.