Aslan Kərimov: Qarabağ çempion olacaq
Azərbaycan yığmasının sabiq məşqçisi Aslan Kərimovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığmasının yeni məşqçilər korpusundan kənarda qalmağınız sizdə inciklik yaratdı?
- Əlbəttə, inciklik yoxdur. Ən azından ona görə ki, yığmadan hansısa çatışmazlığım olduğuna görə kənarda qaldığımı düşünmürəm. Hətta belə düşünən olsa da, mənə bir söz deyən olmayıb. Həm də Robert Prosineçki məni tanımırdı və belə bir qərar verə bilməzdi. Mən özlüyümdə bunu digər işlərimin çoxluğu ilə əlaqələndirirəm. Çünki əsas yığmadan başqa da kifayət qədər görəcəyim işlər var.
- Elə isə niyə siz milliyə cəlb olunmadınız, Mahmud Qurbanov isə saxlanıldı?
- AFFA məni xorvatiyalı mütəxəssisə təqdim etməmişdi. Yəqin ki, hər şey belə olub. AFFA-da da mənim işimin nə qədər çox olduğunu yaxşı bilirlər.
- Sizə elə gəlmir ki, klublarımız bu qış fasiləsini çox passiv keçirdilər?
- Klubların hamısı Türkiyəyə yollanmamışdı. "Xəzər Lənkəran" iddiasını azaltdı. "Neftçi" də iki il öncə gördüyümüz komanda deyil. İstisna yalnız "Qarabağ", "İnter" və "Qəbələ"dir.
- Razısınız ki, hər şey "Qarabağ"ın hegemonluğuna doğru gedir?
- Bəli, "Qarabağ" rəqiblərindən bir baş üstündür və bu komanda ilə rəqabət aparmaq çətin olacaq. Amma əminliklə deyə bilərəm ki, ağdamlılara asan olmayacaq. Hər bir komanda onlara qarşı vuruşacaq.
- Sizcə, bu komanda çempionluq titulunu qoruya biləcək?
- Mənə elə gəlir ki, "Qarabağ" çempion olacaq. Amma hazırda 5 xallıq fərqin olmasına baxmayaraq, ağdamlılar buna asanlıqla nail olmayacaqlar. Əminəm ki, futbolçular hələ də Avropa Liqasını tam unutmayıblar. Xüsusilə də Milan "İnter"i ilə üzləşdikləri hakim ədalətsizliyini.
- Bəs növbəti pillələrdə hansı klubları görürsünüz?
- İkinci yer uğrunda "İnter"lə "Neftçi" mübarizə aparacaq. Mənə elə gəlir ki "bankirlər" 3-cü olacaqlar. Lakin bu yer uğrunda "Qəbələ" də mübarizə apara bilər. Çünki bu komanda kifayət qədər güclənib.