Maksim Vaylo: Azərbaycan yığmasını ona görə seçdim ki...
Azərbaycanın gənclərdən ibarət yığmasının və "Neftçi"nin qapıçısı Maksim Vaylonun azerisport.az saytına müsahibəsi
- Toplanış necə keçir?
- İntensiv və maraqlı. Bütün tapşırıqları yüz faiz yerinə yetirməyə çalışırıq.
- Siz komandaya gələndə hamı əsas qapıçı olacağınızı gözləyirdi. Niyə belə alınmadı?
- Mənim hələ 19 yaşım var və "Neftçi"yə yeni gəlmişəm. Öz üzərimdə çalışmalıyam. Buradakı məşqçilər təcrübəli ağıllıdırlar. Onların fikrinə hörmətlə yanaşıram.
- Aqil Məmmədovun gəlişindən sonra sizin şansınızın daha da azaldığını demək olar?
- Həm Aqil, həm də Saşa Stamenkoviç güclü qapıçıdır. Onlarla rəqabət aparmaq çox çətindir. Amma mümkünsüz də heç nə yoxdur.
- Ukraynanı tərk etdiyinizə, "Neftçi"yə keçdiyinizə görə peşman deyilsiniz?
- Əlbəttə, yox. Burada hər şey xoşuma gəlir.
- Ukraynanın aşağı yaş qrupları üzrə yığmalarda oynasanız da, hazırda Azərbaycanın gənclər yığmasındasınız. Niyə belə seçim etdiniz?
- Azərbaycan mənim ikinci vətənimdir. Babamla nənəmin atası, anası burada yaşayıb. Azərbaycan köküm olduğuna görə bu ölkənin yığmasında oynamaq istəyirəm.