Vyekoslav Tomiç: Bu fərqi aradan qaldırmaq XL üçün asan olmayacaq
"Xəzər Lənkəran"ın qapıçısı Vyekoslav Tomiçin azerisport.az saytına müsahibəsi
- AZAL ilə oyundan nə gözləyirsiniz?
- Onların "Bakı" ilə son oyunlarına baxmışam. Yaxşı komandadır. Bu görüşdə qələbə qazanmaq istəyirik. Bu, bizə liderlərlə aramızdakı xal fərqini azaltmağa kömək edə bilər.
- Amma lider "Qarabağ"la oyunda məğlub oldunuz...
- Həmin oyunun birinci hissəsində yaxşı oynamışdıq. Öz oyunumuzla qələbəyə layiq idik. Amma nədənsə fasilədən sonra oyunumuz istədiyimiz kimi getmədi. Öz səhvlərimizdən uduzduq. Həmin səhvlər olmasaydı, qalib gələrdik.
- Qalin İvanovla Deyan Blajevskinin komandanı tərk etməsi sizə təsir edib?
- Əlbəttə. Amma biz bir komandayıq. "Xəzər Lənkəran"da kifayət qədər yaxşı futbolçular var. İstənilən halda yaxşı oyun göstəririk. "Qarabağ"a qarşı oyunda meydana çıxan hər bir futbolçu özünü yaxşı tərəfdən göstərə bildi.
- Həmin görüşdə açıq futbola üstünlük verdiyinizi nəzərə alsaq, ağdamlıların təzyiqinə dözmədiyinizi demək olar?
- Razıyam. "Qarabağ"la oynamaq doğrudan da çətindir. Amma istənilən halda biz də qələbəyə layiq idik. Sadəcə, görünür bizim yox, onların günü imiş.
- XL mövsümü medallarla başa vurmaq üçün hansı addımları atacaq?
- Bunun üçün hər oyunda qalib gəlmək lazımdır. Biz buna qadirik. Sadəcə, bəzi oyunlardakı səhvlər bizi məyus edir. Hazırda liderdən 12 xal geri qalırıq. Bu fərqi aradan qaldırmaq asan olmayacaq.