Kamran Quliyev: Sumqayıt qışda ölkə xaricinə getməyəcək
"Sumqayıt"ın prezidenti Kamran Quliyev komandasının qış hazırlıq planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandanı tərk edəcək oyunçulara bu barədə heç bir məlumat verməmişik. Bunu klubda yalnız üç şəxs bilir. Çünki gedənlərin tam siyahısını qəti müəyyənləşdirməmişik. Gətirmək istədiyimiz oyunçular da var. Böyük ehtimalla Sumqayıtda toplanış keçəcəyik. Bundan sonra qazanacağımız nəticələrin toplanışın yerindən asılı olacağını düşünmürəm. Xaricdə təlim-məşq toplanışı keçməyimiz komandanın daha yaxşı çıxış edəcəyindən xəbər vermir. Ötən qış fasiləsi dövründə də Sumqayıtda hazırlaşdıq və komanda qışa qədər topladığı xallarla müqayisədə fasilədən sonra daha yaxşı nəticələr qazandı. Əsas keyfiyyətli toplanış keçirməkdir. Rəqiblərimiz də olacaq. Böyük ehtimalla yanvarın 5-dən bir araya gələcəyik".