Vaqif Sadıqov: Prosineçki məşqçilər komitəsinin simpatiyasını qazanıb
19 dekabr 2014 14:15
AFFA məşqçilər komitəsinin rəhbəri Vaqif Sadıqov Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə görüşdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz Prosineçki ilə görüşdük və qarşıdakı iki həftə üçün görüləcək işləri müzakirə etdik. O, baxdığı oyunlardan razılığını dilə gətirdi. Dediyinə görə, potensial var. Əlbəttə, problemləri də qeyd etdi. Amma o, öz zəhmətkeşliyi, işinə bağlılığı ilə bizim simpatiyamızı qazanıb. Xorvatiyalı mütəxəssis yalnız Premyer Liqa oyunlarını izləmir. O, bir neçə dəfə uşaq komandalarının da oyunlarına baxıb. Bu gün saat 15:00-da isə AFFA-nın baş katibi ilə görüş baş tutacaq".