Araz Abdullayev: Hələ heç nə itirilməyib
“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş “İnter”lə oyundan (1:2) sonra azürisport.az saytına müsahibə verib.
- “İnter"lə oyununuz alınmadı. Səbəbi nədə görürsən?
- Oyuna yaxşı başladıq. Hər şey normal keçirdi. Hesabı da açdıq. Amma ikinci hissədə oyunun ssenarisi dəyişdi. Rəqibi təbrik edirəm. Biz artıq növbəti oyunlar barədə düşünməliyik.
- İkinci hissədəki zəif oyunu nə ilə əlaqələndirmək olar?
- Sadəcə, alınmadı. Çalışırdıq ki, nəsə edək. Ən azı hesabı qorumaq istəyirdik. Bacardığımızı da etdik. Uduzmaq istəmirdik. Amma qismət deyilmiş. Fasilə ərəfəsində son matç idi. Məqsədimiz 3 xal qazanmaq idi, lakin alınmadı.
- Hakimlərin idarəçiliyini necə qiymətləndirirsən?
- Hakim qərarını verdisə, dəyişmək olmur. Həm də mən futbolçuyam. Hakimlər haqda nəsə deməyim düz çıxmaz. Ümumiyyətlə, hakimin ciddi səhv etdiyini düşünmürəm.
- “İnter” iki əvəzetmə sayəsində oyunun gedişatını dəyişdi. Demək olar ki, rəqib “Neftçi”ni yaxşı analiz etmişdi?
- Hə, belə demək olar. Yəqin, buna görə daha yaxşı oynadılar. Səhvlərimizdən istifadə etdilər.
- “Neftçi” üçün artıq 2014-cü il başa çatdı. Komandanın ilk iki dövrədəki çıxışını necə dəyərləndirmək olar?
- İndi qarşıdan fasilə gəlir. Bu müddətdə yaxşı hazırlıq keçməliyik. Yəqin ki, yeni transferlər də olacaq. Mövsümün gedişində baş məşqçi dəyişikliyi oldu. Bu da müəyyən dərəcədə çıxışımıza təsir etdi. Fasilədə yaxşı hazırlıq keçib, mövsümün qarşıdakı hissəsinə hazırlaşmalıyıq. Məqsədimiz yenə də yüksək yerlər uğrunda oynamaqdır.
- Məğlubiyyətdən sonra fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq mümkün olmayacaq...
- Bir qədər istirahətə ehtiyac var. Yanvardan təlim-məşq toplanışı başlayacaq. Həmin müddətdə oyunlar barədə düşünəcəyik. Hələ heç nə itirilməyib. Komandamız iddiasını davam etdirəcək.