Leroy Corc: Avropada daha böyük uğurlar qazanmaq üçün indidən hazırlaşmalıyıq
"Qarabağ"ın yarımmüdafiəçisi Leroy Corcun azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran"a çətinliklə də olsa, qalib gəldiniz. Oyun haqda nə deyə bilərsiniz?
- Bu, bizim üçün çox vacib oyun idi. Hesabı biz açdıq, amma sonra səhvlərimiz nəticəsində rəqib də fərqləndi. Buna baxmayaraq, ruhdan düşmədik və sonadək mübarizə aparıb, istədiyimiz nəticəyə nail olduq.
- Rəqibin oyunu haqda nə deyə bilərsiniz?
- "Xəzər Lənkəran" güclü komandadır. Bu gün də əla oynadılar. Amma biz xarakter nümayiş etdirdik və göstərdik ki, bu gün bizim günümüzdür. Ələ düşən şanslardan da maksimum yararlandıq. Çünki şans da bizim tərəfimizdə idi.
- "Xəzər Lənkəran"ın düşərgəsində bildirirlər ki, "Qarabağ" qələbəyə layiq deyildi...
- Qoy baxsınlar və görsünlər ki, biz necə qollar vurduq. Onlar isə bizim səhvlərimiz nəticəsində qollar vurdular.
- İtaliya "İnter"i ilə oyundan bir həftə keçib. Həmin görüşü unutmusunuz?
- İlk 1-2 gündə baş verənləri unutmaq çox çətin idi. Amma artıq kifayət qədər zaman keçib və hər şeyi unutmaq vaxtıdır.
- UEFA-nın sizi sevindirəcək hansısa qərar qəbul edəcəyinə inam var?
- Avroliqanı unudub, çempionata köklənməliyik. Həm də pley-off mərhələsindən danışmaq mənim işim deyil. Bu barədə Qurban Qurbanov danışa bilər.
- Pley-offa çıxa bilməsəniz də, ölkə başçısı, futbol ictimaiyyəti sizi qalib hesab edir...
- Şübhəsiz ki, bu, çox xoşdur. Artıq növbəti avrokubok mövsümünə hazırlaşmalıyıq ki, daha böyük uğurlar əldə edək.