Krasnojan: Millinin uğuru təkcə Prosineçkidən yox, futbolçularınızdan da asılıdır
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Yuri Krasnojanın azerisport.az saytına müsahibəsi
- AFFA Qazaxıstan Futbol Federasiyasına iki ölkə yığmasının yoxlama oyunu keçirməsi ilə bağlı təklif göndərib. Siz bu barədə nə düşünürsünüz?
- Bizim yoxlama oyunu keçirmək üçün bir neçə variantımız var. Hazırda seçim etməyə çalışırıq. Azərbaycana gəlincə, bu komanda ilə oynamaq maraqlı olardı. Gələn ilin fevralında oynamağımız mütləq deyil. Bu, 2015-ci ilin istənilən vaxtında baş tuta bilər. Baxmayaraq ki, fevralda da oynamağımız istisna deyil.
- Elə isə Azərbaycan - Qazaxıstan matçının baş tutması nə dərəcədə realdır?
- Bu, təkcə məndən asılı deyil. Federasiyaların qərarından çox şey asılıdır. Burada toplanışın müddətinin də rolu olacaq.
- Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki təyin edilib. Siz komandamızın perspektivini necə görürsünüz?
- Yığma təkcə baş məşqçidən yox, həm də onun şərəfini qoruyan futbolçulardan asıldıır. Uşaq-gənclər futbolunda görülən işlərin də millinin inkişafında xüsusi yeri var. Berti Foqtsun dövründə müəyyən uğurlarınız oldu. Fikrimcə, belə olmasaydı, o, bu komandada altı il duruş gətirməzdi.
- "Qarabağ"ın Avropa Liqasındakı uğuru Qazaxıstandan necə görünür?
- Əgər Azərbaycanın 4-5 klubu avrokuboklarda belə uğur qazansaydı, o zaman ciddi yüksəlişdən danışmaq olardı. Düzdü, indi də məlum irəliləyişin olduğu danılmazdır. Məncə, Azərbaycan və Qazaxıstan paralel yolla irəliləyir.
- Ağdam klubunun İtaliya "İnter"i ilə matçının 90+4-cü dəqiqəsində vurduğu qolun sayılmamasını necə qarşıladınız?
- Belə səhvlər mütəmadi olaraq baş verir. Təsadüfi deyil ki, bu və digər səhvlərin qarşısını almaq üçün müxtəlif yeniliklərə əl atmağa çalışırlar.