Elvin Yunuszadə: Fasiləyə qış çempionu kimi yollanmağımız pis olmazdı
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 17-ci turunda qarşılaşacaqları "İnter"lə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, ilin son oyunudur və xüsusi bir əhəmiyyət kəsb etmir. Meydana qələbə qazanmaq istəyi ilə çıxacağıq və ümid edirəm ki, buna nail olacağıq. Bu komanda ilə oyunumuzun üstündən heç bir ay keçməyib və rəqibi yaxşı tanıyırıq. Aydın məsələdir ki, çətin oyun olacaq. "Qarabağ"ın da "Xəzər Lənkəran"la oyunu çətin keçəcək. Qış çempionu olmağımız pis olmazdı. Son turda "Sumqayıt"a çətinliklə qalib gəldik. Onlar bizimlə oyuna xüsusi motivasiya ilə çıxırlar. Ona görə də arxayınlaşmamağımız çox vacib idi. Orxan Əliyev həmin gün çox yaxşı oynadı. Həm də oyunu yığmanın baş məşqçisi Robert Prosineçkinin izləməsi futbolçulara təsirsiz ötüşmədi".