Qara Qarayev: Mətbuatda belə xəbərlərin dolaşması komandaya pis təsir edir
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi
- Komandada atmosfer necədir?
- Milan "İnter"i ilə oyunu ən qısa zamanda unutmağa çalışırıq. Amma hazırda da hər şey o dərəcədə pis deyil. Həyat davam edir. Ümumi yorğunluq fonunda ilin sonu daha çətin keçir. Çünki 3-4 gündən bir oynamalı oluruq.
- Artıq bir oyunda məğlub oldunuz...
- "İnter"lə oyundan sonra qış fasiləsinə qədər çempionatda keçirəcəyimiz hər üç oyundan qalib ayrılmağı planlaşdırmışdıq. Amma "Qəbələ" ilə görüşdə uğur bizim tərəfimizdə olmadı. Qarşıda bəlkə də son turların ən yaxşı komandası olan "Xəzər Lənkəran"la oyunumuz var. Onlar çox artırıblar. Həm də Lənkəranda oynamaq həmişə çətin olub. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq və uğurlu nəticə qazanmaq istəyirik.
- "Qarabağ" - "İnter" matçının yenidən keçiriləcəyinə dair xəbərlərə münasibətiniz necədir?
- Əvvəllər hakim səhvləri olmuş oyunlardan hansısa yenidən keçirilib? Mən belə bir oyun xatırlamıram. UEFA heç vaxt buna razı olmaz. Mətbuatda belə xəbərlərin dolaşması komandaya pis təsir edir.
- Niyə?
- Biz futbolçular həmin olayı, oyunu mümkün qədər tez unudub, irəliyə baxmaq istəyirik. Bu, "Qarabağ"ın avrokuboklardakı son mövsümü deyildi. İndi bütün diqqətimiz qarşıdakı çempionat oyunumuza yönəlib.
- Miroslav Zelinkanı bir də görsəydiniz, ona nə deyərdiniz?
- Çox söz deyərdim. Öncə, vecsiz hakim olduğunu, daha sonra isə ürəyimdən keçən hər sözümü deyərdim. Amma həmin sözləri mətbuata heç vaxt açıqlamaram. O, bütün Azərbaycan xalqının arzularını məhv etdi. Hətta komandamızın azarkeşi olmayanlar da çex hakimin ünvanına kəskin fikirlər söyləyirlər.
- Sizdən ən pis hakimin kim olduğunu soruşsalar...
- Karyeramın sonunadək Zelinkanı xatırlayacağam. Yeri gəlmişkən, mən heç əvvəllər kimin adını çəkəcəyimi bilmirdim. Amma Zelinkanın sayəsində həmişə onun adını çəkəcəyəm. Ona sadəcə, nifrət edirəm. Ən əsası da odur ki, bütün dünya "Qarabağ"a qarşı daha bir ədalətsizliyin baş verdiyini qəbul etdi. Bunun özü bizim üçün bir uğurdur.