Robert Prosineçki: Fevral ayında millinin yoxlama oyunları üçün rəqib axtarırıq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Bakı" - AZAL matçının fasiləsində azerisport.az saytının müxbiri ilə bir sıra məqamları müzakirə edib. Xorvatiyalı mütəxəssis öncə bunları söyləyib:
"Bu həftə burda olacağam. Çünki daha çox yerli çempionatda çıxış edən futbolçulara baxmağı düşünürəm. Eyni zamanda Türkiyədə, Almaniyada, digər ölkələrdə çıxış edən legionerlərimiz barədə də məlumatım var. Onları da izləməyə çalışıram".
Prosineçki yığmamızın ilk təlim-məşq toplanışından da söhbət açıb: "Yanvarda klublar təlim-məşq toplanışına yollanacaqlar. Həmin toplanışlara da baş çəkəcəyəm, oyunçuların yoxlama oyunlarında özlərini necə göstərəcəyinə baxacağam. Fevralda isə yığmanın toplanışı nəzərdə tutulub. Yığma fevralın 20-26-sı aralığında Antalyada hazırlıq prosesi keçəcək. Yoxlama oyunları da olacaq. Rəqiblər hələ məlum deyil. Danışıqlarımızı davam etdiririk".
"Yığmada radikal yeniliklər edəcəyimizi deyə bilmərəm. Mənim üçün futbolçunun hansı yaşda olmasının fərqi yoxdur. Həmin futbolçunun yığmaya doğrudan da kömək etməsi daha vacibdir. Potensialı olan yerli futbolçular var. Sadəcə, onlarla işləmək lazımdır".
Prosineçki "Neftçi" - "Sumqayıt" matçında bəyəndiyi iki futbolçunun adını açıqlamaq istəməyib: "Ad söyləməyəcəyəm. İstənilən halda yığmaya kimləri dəvət edəcəyimi yaxın zamanda hər kəs biləcək. Bütün futbolçulara toplanış zamanı bir daha yaxından baxmağım lazımdır".
Yığmamızın baş məşqçisi milliləşdirmə ilə bağlı sualı yarıda kəsib: "Bunlar hamısı boş söhbətlərdir. Belə bir şey yoxdur".