Mirhüseyn Seyidov: Qəbələ istənilən halda təhlükəli rəqibdi
"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" ilə oyundan nə gözləyirsiz?
- Çox ağır oyun olacaq. "Qəbələ" ilə oyunlarımız bir qayda olaraq gərgin keçir.
- Amma rəqibiniz indi o qədər də yaxşı vəziyyətdə deyil...
- Bu, bizi arxayınlaşdırmamalıdı. "Qəbələ" istənilən halda təhlükəli rəqibdi.
- "Neftçi" son turlarda qələbə qazana bilmir. Niyə?
- Özümüzə bəraət qazandırmayacağıq. Qələbə qazanmaq həmişə alınmır. Həm də bizim "Xəzər Lənkəran"la oyunumuzda nələr baş verdiyini hamı gördü.
- Həmin oyunda komandanızı məğlubiyyətdən məhz siz xilas etdiz?
- Qol epizodunda düşündüm ki, irəliləyib qapıya güclü zərbə endirmək lazımdı. Başqa variantım da yox idi. Lənkəranlılarla oyunda 2 xal itirdiyimizi yox, 1 xal qazandığımızı düşünürəm.
- Qolu bayram edəndə rəqib azarkeşlər sizə nəsə tulladı...
- Hə, bir neçə alışqan atdılar. Mən onları meydanın kənarına atdım ki, Oğuz Çətin də bunu görsün. Amma heç kimi günahlandırmıram. Oyun zamanı belə şeylər olur.
- Sizə elə gəlmir ki, hakim bu oyunun ritmini əlində saxlaya bilmədi?
- Ola bilər. Amma o, matçın belə gərgin keçəcəyini öncədən bilməliydi. Nəticədə 4 qırmızı vərəqə alındı. Lakin düşünmürəm ki, kimsə hər şeyin belə alınmasını istəməzdi.