Kristof Qaltye: Qarabağ Bakıda İnterə qalib gələ bilər
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Hakimliyin səviyyəsi biabırçı idi. Təmiz qolumuzu saymadı, penalti təyin etmədi. Ümid edirəm ki, bu oyun bu hakimin idarə etdiyi sonuncu görüşdü. Bizim üçün çox pis nəticədi. Artıq hər şeyin öz əlimizdə olduğunu deyə bilmərik. "Qarabağ" son turda qalib gəlsə, bizim şansımız olmayacaq".
Qaltye ağdamlıların qapıçısı İbrahim Şehiçin çıxışını xüsusi vurğulayıb: "Şehiç çox yaxşı seyvlər etdi. Yüksək səviyyəli qapıçıdı. Buraxdığımız qol bizim bütün planlarımızı korladı. "Qarabağ" ikinci qolu vursaydı, hər şey bizim üçün daha pis nəticələnə bilərdi".
Rəqib baş məşqçinin sözlərinə görə, "Qarabağ" son turda Milan "İnter"inə qalib gələ bilər: "Rəqib ikinci hissədə müdafiəyə diqqət ayırdı. "Qarabağ" "İnter"i Bakıda məğlub edə bilər. Həm də italiyalılar artıq pley-offa vəsiqəni təmin ediblər".