Bədavi Hüseynov: Fransa səfərindən yaxşı nəticə ilə qayıdacağımıza ümid edirik
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi
- Son dövrlərdə komandanızın gərgin qrafiklə çıxış etməsi sizi yormayıb?
- Xeyr. Çünki yığmanın oyunlarına görə müəyyən fasilə yaranmışdı. Mənə elə gəlir ki, bu zaman kəsiyində biz müəyyən istirahət haqqı qazana bildik. Düşünmürəm ki, indi hansısa oyunçumuzda yorğunluq olsun. Daha gərgin qrafik bundan sonra bizi gözləyir.
- "Sent-Etyen"lə səfər oyununa Reynaldosuz çıxacaqsız. Oyundan nə gözləyirsiz?
- Reynaldo bizim üçün vacib oyunçudu. Amma bizim ehtiyatda da yaxşı oyunçularımız var.
- Sizə elə gəlmir ki, Reynaldoda son dövrlər eniş var?
- Xeyr. "Bakı" ilə oyunda qol ötürməsi etdi, qol vurdu. Biz də onu dəstəkləməyə çalışırıq. O da öz növbəsində komandamıza faydalı olmağa çalışır.
- İnnosent Emeqara son dövrlər artırıb...
- Hə, o, oyundan oyuna daha da artırır. Bunun şahidi olmaq bizə çox xoşdu.
- Fransaya hansı hisslərlə gedirsiz?
- Yaxşı nəticə ilə qayıdacağımıza ümid edirik. Fikrimcə, biz buna nail olacaq gücdəyik.
- Son dövrlər keçirdiyiniz hansı qarşılaşma sizin üçün daha çətin idi - AZAL-la, ya "Bakı" ilə?
- Hər iki qarşılaşma çətin keçdi. İndi asan oyun ümumiyyətlə olmur. Yaxşı ki, hər iki oyundan maksimum xalla ayrılmağı bacardıq.