Vaqif Sadıqov: Bizim millinin baş məşqçisinin işlərinə qarışmaq hüququmuz olmayacaq
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov bu gün AFFA-nın baş katibi ilə yerli məşqçilər arasında keçirilmiş görüşün təfərrüatlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yerli məşqçilərin bu gün AFFA-nın baş katibi ilə görüşünü Robert Prosineçkinin Azərbaycana dəvət olunması ilə bağlamağa dəyməz. Bu, təsadüfdü. Biz Prosineçki ilə görüşmədik. Xorvatiyalı mütəxəssisin baş məşqçi təyin olunacağından danışmaq hələ tezdi. Çünki o, hələ müqavilə imzalamayıb. Prosineçki sadəcə, millimizin baş məşqçi postuna namizədlərdən biridi. Bizim Məmmədovla görüşümüzə gəlincə, Ağasəlim Mircavadov, Şahin Diniyev, Böyükağa Hacıyev və məndən Məşqçilər Korpusu yaratmağımızı istəyirlər. İşimiz AFFA-nın bütün layihələrində iştirak etmək olacaq. Bura uşaq futbolundan tutmuş, milli komandayadək hər şey daxildi. Bizim Azərbaycan yığmasının baş məşqçisinin işlərinə qarışmaq hüququmuz olmayacaq. Sadəcə, öz arzularımızı söyləyə bilərik. Mümkündü ki, məşqçilər korpusu beş mütəxəssisdən ibarət olsun. Beşinci mütəxəssisin adı hələ məlum deyil. Fikrimcə, bu komitənin yaradılması futbolumuzun inkişafına müəyyən töhfəsini vermiş olacaq".