Kramarenko: Uğursuzluğa görə Kamranı günahlandırmazdım
"Qəbələ"nin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Kamran Ağayevin son dövrlərdəki zəif çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Deməzdim ki, o, çox kobud səhvlərə yol verir. Sadəcə, hazırda uğursuz dövr keçirməkdədi. Hər bir futbolçuda belə dövrlər olur. Bəzən qol buraxır, bəzən çox təhlükəli epizodlarda komandanı qoldan xilas edir. Qeyri-sabit çıxış etdiyini qəbul edirəm. Amma uğursuz nəticələrə görə onu günahlandırmazdım. Son vaxtlar bütövlükdə komandanın çıxışı alınmır. Digər futbolçular kimi, Kamranın da yeganə çıxış yolu məşqlərdə daha çox çalışmaqdı. Onun əvvəlki formasını bərpa etməsi üçün əlimdən gələni edirəm. Ağayevin bundan sonra da klubda bir nömrə qalması isə baş məşqçidən asılıdı. Norveçlə oyunda ehtiyatda qaldı. Amma bu, dünyanın sonu deyil. Həm də Səlahət Ağayev son vaxtlar çox artırıb. "Qəbələ" hazırda heç də yaxşı vəziyyətdə deyil və qısa bir zamanda hər şeyi yaxşıya doğru dəyişmək lazımdı".