Yunis Hüseynov: Kaxaber Sxadadzenin gec-tez cavabını verməliyik
"Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynovun azerisport.az saytına müsahibəsi
- "İnter"lə oyundan sonra sizinlə Kaxaber Sxadadze arasında nə baş verdi ki?
- Xüsusi bir şey olmadı. Sadəcə, qələbə qazanıb, özünü elə aparır.
- Sizcə, Sxadadzenin özünü belə aparmasının səbəbi nədi?
- Bilmirəm. Amma gec-tez Kaxaberin cavabını verməliyik. O, artıq bütün çərçivələri aşıb.
- Belə çıxır ki, Lənkərandakı oyunu gözləməyimizə dəyər?
- Xeyr, bizə elə hərəkət yaraşmaz. Heç vaxt özümü elə aparmamışam, hazırlaşmıram da. Bizə qalib gələn komandaları həmişə təbrik etmişik, özümüz qələbə qazananda da təbrikləri qəbul etmişik.
- Sxadadze hazırda Azərbaycan millisinin baş məşqçisi postuna namizəddi...
- Lap dünya millisinə namizəd olsun. Bu, onun özünü belə aparmasına əsas verir?
- Oyun haqda nə deyə bilərsiz?
- Danışılası bir şey yoxdu. Uduzduq. "İnter"i təbrik edirəm. Təəssüf ki, oyundan sonra əsəblərimiz korlandı. Halbuki, buna heç bir ehtiyac yox idi.
- Sizcə, məğlubiyyətə əsas səbəb nədi?
- Müdafiədə çox səhvlər buraxdıq. Öz səhvlərimizdən qollar buraxırıq. Əgər bu qədər qol buraxmasaydıq, indi turnir cədvəlində daha üst pillələrdə olardıq. Məncə, məğlubiyyətin səbəblərini baş məşqçimiz daha yaxşı bilər.