İbrahim Şehiç: Dneprlə Bakıdakı oyunda da uğurlu nəticə qazana bilərik
"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin azerisport.az saytına müsahibəsi
- "İnter"lə oyun barədə nə deyə bilərsiz?
- Heç-heçəyə görə şadıq. "İnter" müdafiədə yaxşı oynadı və əks-hücumlarda çox təhlükəli idi. Buna görə də bir xal qazanmağımızı yaxşı nəticə sayıram. Onlar bizi çox yaxşı analiz etmişdilər.
- Yəni, nəticə sizi qane etmir?
- Qorxulu heç nə baş verməyib. Bir xal da xaldı. Əsas odu ki, uduzmadıq və liderliyimizi qoruduq. Ehtiyatda da oyunumuz var.
- Rəqibi məğlub etməyinizə nə mane oldu?
- Qol vəziyyətlərimiz var idi. Amma onlardan yararlana bilmədik. Eyni sözləri rəqib haqda da demək olar.
- Bosniya mətbuatına müsahibənizdə demisiz ki, "Qarabağ" Avroliqada pula görə yox, ada görə oynayır...
- "Dnepr"lə oyunda üç xal qazanmağın bizim üçün vacib olduğunu demişəm. Kiyevdəki oyunda heç kim mükafat barədə düşünmürdü. Elə indi də beynimizi belə düşüncələrlə yormaq istəmirik.
- Ukrayna klubu ilə Bakıdakı oyundan nə gözləyirsiz?
- "Dnepr" yaxşı komandadı. Xüsusilə səfər oyunlarında təhlükəlidilər. Bu matça ciddi hazırlaşmaq lazımdı. Amma mənə elə gəlir ki, biz yenə yaxşı nəticə qazana bilərik.
- Əksər komanda yoldaşlarınızdan fərqli, siz istirahətsiz oynayırsız. Yorğunluq yoxdu?
- Xeyr, yorğunluq hiss etmirəm. Yəqin ki, məni ona görə əvəzləmirlər. "Qarabağ"a kömək etmək üçün var gücümlə çalışıram.