Rəşad Sadiqov: 90 dəqiqə oynamağa hazır deyiləm
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ"a məğlubiyyətlə bağlı nə deyə bilərsiz?
- "Qarabağ" yaxşı komandadı. Onlarla oyun keyfiyyətli alındı. İki fərqli hissə oldu. Birincidə "Qarabağ" daha yaxşı oynadı, ikinci yarıda biz. Təəssüf ki, vurduğumuz iki qolun davamını gətirə, xal qazana bilmədik.
- İkinci qolu vurduqdan sonra rəqib qapısına yaxınlaşa bilmirdiz. Niyə?
- Bizim başqa qol vəziyyətlərimiz də oldu, sadəcə, bəxtimiz gətirmədi. Futbolda belə hallar olur.
- Oğuz Çətin sizin hələ 90 dəqiqə oynamağa hazır olmadığınızı deyir...
- Ümumi məşqlərə yenicə başlamışam. Dizimdə problem var. Doğrudan da hələ 90 dəqiqə oynamağa hazır deyiləm.
- Yəni, özünüzü tam hazır hesab etmirsiz?
- Hazır hiss edirəm. Amma "Qarabağ"la oyunda bütün görüşü meydanda keçirə bilməzdim. Hər şeyə real baxmaq lazımdı.
- Oğuz Çətin oyundan sonra sizə nə dedi?
- Futbol oynamaq lazım olduğunu bildirdi. Dedi ki, biz hesaba baxmamalı, öz oyunumuzu sərgiləməyə davam etməliydik.
- İradları oldu?
- Həmin vaxt irad bildirmək düzgün olmazdı. Komandanı ruhlandırmaq lazım idi, o da belə etdi.
- Mahmud Qurbanovun yığmaya müvəqqəti baş məşqçi təyin olunmasını nəzərə alsaq, sizin milliyə qayıdışınızı gözləmək olar?
- Hər şey ola bilər. Şəxsən mən onun milliyə təyinatına çox şadam.