İnnosent Emeqara: XL ilə oyunda vaxtında özümüzə gəldik
"Qarabağ"ın hücumçusu İnnosent Emeqaranın azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran" üzərindəki qələbə ilə bağlı nə deyə bilərsiz?
- Yaxşı oyun idi, amma eyni zamanda da çox çətin matç oldu. Amma biz belə olacağını gözləyirdik.
- XL oyuna fəal başladı, amma "Qarabağ" elə ilk hissədə üç qol vurdu. Bu, necə alındı?
- Mənə elə gəlir ki, biz rəqibdən daha yaxşı təsir bağışladıq. Daha çox hücum etməyə çalışdıq. Rəqibin səhvlərindən maksimum yararlanıb, üç qol vurduq.
- Oyuna start heyətdə başlamaq çətin olmadı?
- Xeyr, hər şey qaydasında idi. Şadam ki, əsas heyətdə meydana çıxa bildim. Vurduğum qollar da məni çox sevindirdi.
- XL ikinci hissədə iki qol vurarkən qələbəni əldən verəcəyinizə dair qorxu yaranmadı?
- İkinci hissə bizim üçün doğrudan da çətin keçdi. Amma biz mənfi fikirləri özümüzdən uzaqlaşdırmağa çalışdıq. Vaxtında özümüzə gəldik və üstünlüyümüzü qorumağı bacardıq. Bu, bizim üçün vacib qələbə idi.
- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki şanslarını necə qiymətləndirə bilərsiz?
- Yaxşı şansımız var. "Dnepr"ə səfərdə qalib gəldik. İndi onlarla Bakıda oyunumuz var. Burada da qələbə qazana bilərik. Amma çox çətin olacaq.