Samir Musayev: Qarabağ Dneprə Bakıda da qalib gələ bilər
25 oktyabr 2014 14:00
"Qarabağ"ın sabiq hücumçusu Samir Musayev bu komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i üzərindəki qələbəsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hamını qələbə münasibətilə təbrik edirəm. Hər şey göz önündə idi. Bizim uşaqlar əsl xarakter göstərdilər, yaxşı döyüşdülər. Birinci hissədə daha çox topa nəzarət edirdilər. İkinci hissədə "Dnepr" yaxşı oynasa da, qol vura bilmədi. Çünki "Qarabağ"ın müdafiə xətti çox inamlı çıxış etdi. Düzünü deyim ki, mən hələ öncədən ən azı heç-heçə edəcəyimizə inanırdım. Amma qələbə daha sevindirici oldu. Məncə, "Qarabağ" Bakıda da qələbə qazana bilər".